Azərbaycan “Eurovision-2011” yarışmasının qalibi oldu. Səhnədə, Almaniyanın böyük stadionunun tamaşaçı zalında, televiziya ekranları qarşısındakı azərbaycanlılar göz yaşları içində birinciliyin ləzzətini yaşadılar. Qələbə dadlı hissdi, uğurun həzzinə heç nə çatmaz. Biz bunu bir daha yaşadıq…
Millət kimi varlığımızı, hər kəsə, dünyanı yönəldənlərə belə bir şeylər sübut eləmək iqtidarında olduğumuzu gördük. Biz bu göz yaşlarını, var olduğumuzu sübut eləmək hissini bu yaxınlarda bir dəfə də yaşamışdıq. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov düşməni paytaxtına qədər silkələyəndə həm də bizim çiynimizə əlini vurmuşdu. Onda da belə oyanmışdıq. Sadəcə, onda itkinin ağrısını daşıyan çiyinlərimizi indi uğurun ləzzəti rahatladıb.
***
Və biz sevinirik! Avropanın mərkəzində bayrağımızı dalğalandırdığımız üçün, dünyada Azərbaycan adlı bir dövlətin olduğunu milyonlara duyura bildiyimiz üçün, ən azı 365 gün Avropanın hər gün xəbər gözləyəcəyi, gözünün dikiləcəyi ölkə olmağı bacardığımız üçün…
Biz sevinirik! Millət olaraq varlığımızı göstərə bildiyimiz üçün, şad və yaslı günlərimizdə birləşmək duyğusunu qoruduğumuz üçün, iki onillik acı həqiqətlərimizə göz yuman Avropa mədəniyyətimizi etiraf etdiyi üçün…
Biz sevinmək hissini hələ itirmədiyimiz, sevinmək ruhumuz olduğu üçün sevinirik. Sadaladığım çoxlu səbəblərin hər biri sevinməyə, bu qələbəni möhtəşəm qeyd eləməyə yetər…
***
İndi irəli baxmaq, bu 365 günü Avropanın gözünü qırpmadan izlədiyi bir məmləkət kimi yaşamağımız gərəkdi. Bu uğurun davamı Avropanın əsas musiqi yarışmasının layiqincə təşkil edilməsi, möhtəşəm zalda keçirilməsi, dünyanın danışacağı şounun təqdim edilməsidir. Əminəm, bunu da indiyə qədərkilərdən pis bacarmayacağıq. Bu, ölkəmizin gələcək beynəlxalq tədbirlərə ev sahibliyi eləməsi üçün çox keçərli vəsiqədir. “Eurovision”un uğurlu təşkili gələcəkdə Azərbaycanın dünya miqyaslı tədbirlərin təşkilatçılığına lisenziya alması üçün vizit kartı ola bilər.
***
“Eurovision” bir mədəniyyət yarışması olduğu qədər siyasi faktorların da çox ciddi rol oynadığı müsabiqədi. Bu yarışmadakı qalibiyyətimiz həm də Azərbaycan xarici siyasətinin uğurudu. Azərbaycan addım-addım irəliləyir, tanınır, dostlarının sayı artır… Yeri gəlmişkən, bizim qalibin əlində Türkiyə bayrağı ilə səhnəyə çıxması ideyasının müəllifinə təşəkkür edirəm. Gözəl ideya idi, Bursadakı olayları yadıma saldı bir az, deyəsən elə Türkiyə mediasındakı həmkarlarım da xatırlatmışdılar. Amma olsun, gözəl gediş idi, biz bu qələbəni Türk dünyasının qələbəsinə çevirə bildik…
***
Bu uğuru etiraf eləməyənlər, ağız büzənlər, “niyə başqaları yox, biz?” deyib heyrətlənənlər də var. Yox, bu artıq müxalifətçilik, hökuməti sevməmək, indiki siyasəti bəyənməmək deyil, bu, Azərbaycan dövlətinin varlığını qəbul etməməkdir. Bu, Azərbaycan adının yüksək tribunalardan eşidilməsinə təhəmmülü olmamaqdır. Bu, çox sadəcə, çoxluğa, axına qarşı dayanmaqdan başqa fərqlənmək imkanı olmayanların acınacaqlı durumudu.
İndi Qarabağ problemini bəhanə eləyib, bizi sevinməkdə qınayanlar əmin olun, torpaqlar işğaldan azad olunanda “ermənilər özləri istəməyib, geri qaytardı” deyəcəklər. Bunların bu dövlətin qalibiyyətinə dözümləri yoxdu.
Amma çox yaxşı ki, bir ovucdular… Cəmi bircə ovuc…
***
“Eurovision” mədəni müsabiqədirsə, bu mədəniyyətin birincisi bizik. “Eurovision” siyasi müsabiqədirsə, yenə bu siyasətin qalibi bizik.
Biz sevinirik! Uzun zamandan sonra haqqımız olan hissi yaşayırıq. Heç bitməməsini diləyirəm. Böyük Qələbəmizin başlanğıcı olsun!