About Qadın

QADIN sitəsinin yazarlar qurumu üyəsi

Dünya Azərbaycanlıları Konqresinin Güney Azərbaycan nümayəndəliyi yaradılıb. DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərviznianın sərəncamı ilə Azərbaycan Respublikasında mühacirətdə yaşayan güneyli Babək Muğanlı Güney Azərbaycan nümayəndəliyinin rəhbəri təyin edilib.

DAK-ın mətbuat xidmətindən “Media forum” saytına bildiriblər ki, əsl adı Şahdust Hacı oğlu Mirzayi olan Babək Muğanlı 1965-ci ildə Güney Azərbaycanın Ərdəbil vilayətinin Muğan (indi Parsabad adlanır) şəhərində doğulub. 1988-ci ildə Güney Azərbaycanda Qarabağa Dəstək Komitəsi yaranan vaxt onun fəal üzvlərindən biri olub. 1990-cı ildə Bakıya gəlib və Azərbaycan Respublikasında Güney Azərbaycan türklərinin milli-mədəni haqları uğrunda açıq və geniş fəaliyyətə başlayıb. Daha sonra Güney Azərbaycana qayıdan Babək Muğanlı milli-mədəni haqlar uğrunda mübarizə apardığı üçün dəfələrlə həbsdə yatıb. 1996-cı ildə yenidən doğma yurdunu tərk etmək məcburiyyətində qalıb.

Azərbaycan “Eurovision-2011” yarışmasının qalibi oldu. Səhnədə, Almaniyanın böyük stadionunun tamaşaçı zalında, televiziya ekranları qarşısındakı azərbaycanlılar göz yaşları içində birinciliyin ləzzətini yaşadılar. Qələbə dadlı hissdi, uğurun həzzinə heç nə çatmaz. Biz bunu bir daha yaşadıq…

Millət kimi varlığımızı, hər kəsə, dünyanı yönəldənlərə belə bir şeylər sübut eləmək iqtidarında olduğumuzu gördük. Biz bu göz yaşlarını, var olduğumuzu sübut eləmək hissini bu yaxınlarda bir dəfə də yaşamışdıq. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov düşməni paytaxtına qədər silkələyəndə həm də bizim çiynimizə əlini vurmuşdu. Onda da belə oyanmışdıq. Sadəcə, onda itkinin ağrısını daşıyan çiyinlərimizi indi uğurun ləzzəti rahatladıb.

***

Və biz sevinirik! Avropanın mərkəzində bayrağımızı dalğalandırdığımız üçün, dünyada Azərbaycan adlı bir dövlətin olduğunu milyonlara duyura bildiyimiz üçün, ən azı 365 gün Avropanın hər gün xəbər gözləyəcəyi, gözünün dikiləcəyi ölkə olmağı bacardığımız üçün…

Biz sevinirik! Millət olaraq varlığımızı göstərə bildiyimiz üçün, şad və yaslı günlərimizdə birləşmək duyğusunu qoruduğumuz üçün, iki onillik acı həqiqətlərimizə göz yuman Avropa mədəniyyətimizi etiraf etdiyi üçün…

Biz sevinmək hissini hələ itirmədiyimiz, sevinmək ruhumuz olduğu üçün sevinirik. Sadaladığım çoxlu səbəblərin hər biri sevinməyə, bu qələbəni möhtəşəm qeyd eləməyə yetər…

***

İndi irəli baxmaq, bu 365 günü Avropanın gözünü qırpmadan izlədiyi bir məmləkət kimi yaşamağımız gərəkdi. Bu uğurun davamı Avropanın əsas musiqi yarışmasının layiqincə təşkil edilməsi, möhtəşəm zalda keçirilməsi, dünyanın danışacağı şounun təqdim edilməsidir. Əminəm, bunu da indiyə qədərkilərdən pis bacarmayacağıq. Bu, ölkəmizin gələcək beynəlxalq tədbirlərə ev sahibliyi eləməsi üçün çox keçərli vəsiqədir. “Eurovision”un uğurlu təşkili gələcəkdə Azərbaycanın dünya miqyaslı tədbirlərin təşkilatçılığına lisenziya alması üçün vizit kartı ola bilər.

***
“Eurovision” bir mədəniyyət yarışması olduğu qədər siyasi faktorların da çox ciddi rol oynadığı müsabiqədi. Bu yarışmadakı qalibiyyətimiz həm də Azərbaycan xarici siyasətinin uğurudu. Azərbaycan addım-addım irəliləyir, tanınır, dostlarının sayı artır… Yeri gəlmişkən, bizim qalibin əlində Türkiyə bayrağı ilə səhnəyə çıxması ideyasının müəllifinə təşəkkür edirəm. Gözəl ideya idi, Bursadakı olayları yadıma saldı bir az, deyəsən elə Türkiyə mediasındakı həmkarlarım da xatırlatmışdılar. Amma olsun, gözəl gediş idi, biz bu qələbəni Türk dünyasının qələbəsinə çevirə bildik…

***

Bu uğuru etiraf eləməyənlər, ağız büzənlər, “niyə başqaları yox, biz?” deyib heyrətlənənlər də var. Yox, bu artıq müxalifətçilik, hökuməti sevməmək, indiki siyasəti bəyənməmək deyil, bu, Azərbaycan dövlətinin varlığını qəbul etməməkdir. Bu, Azərbaycan adının yüksək tribunalardan eşidilməsinə təhəmmülü olmamaqdır. Bu, çox sadəcə, çoxluğa, axına qarşı dayanmaqdan başqa fərqlənmək imkanı olmayanların acınacaqlı durumudu.
İndi Qarabağ problemini bəhanə eləyib, bizi sevinməkdə qınayanlar əmin olun, torpaqlar işğaldan azad olunanda “ermənilər özləri istəməyib, geri qaytardı” deyəcəklər. Bunların bu dövlətin qalibiyyətinə dözümləri yoxdu.
Amma çox yaxşı ki, bir ovucdular… Cəmi bircə ovuc…

***

“Eurovision” mədəni müsabiqədirsə, bu mədəniyyətin birincisi bizik. “Eurovision” siyasi müsabiqədirsə, yenə bu siyasətin qalibi bizik.
Biz sevinirik! Uzun zamandan sonra haqqımız olan hissi yaşayırıq. Heç bitməməsini diləyirəm. Böyük Qələbəmizin başlanğıcı olsun!

Bildiriş:

Dəyərli yurddaşlar!

Daha öncədən bildirdiyimiz kimi may ayında İsveçin Stockholm şehərində keçirilməsi bildirilən Azərbaycan Qadın Konfransı, sentiyabr ayının 3- 4-nə ərtələnmişdir.

Konfransda gənəl olaraq Azərbaycan Qadınlarının siyasal, toplumsal, ekonomik sorunları, özəl olaraq Güney Azərbaycan Qadınlarının ulusal ,eləcə də qadın haqlarını əldə etmək yolunda verdikləri mücadilə ələ alınacaqdır. Konfrans bütün dünyada yaşayan Azərbaycanlılara eləcə də bu haqqda fikir,düşüncə yiyələri olan başqa Türk dilli soydaşlarımıza açıqdır. Konfransa Avrupadan qatılmaq istəyən yurddaşlarımız ən gec iyul ayının 15 -i, viza gərəkən ölkələrdən qatılmaq istəyənlər isə ən gec iyun ayının 30-na kimi bildirmələri xahiş edilir.

Çağırış:

Beləlikə qatılma imkanları olan yurddaşlarımızı eləcə də Güney Azərbaycan Siyasi Qurum və Örgütlərin bu konfransa gəlmələrini diləyirik.

Açıqlama:

Dəyərli dostlar malı imkanlar izin vermədiyindən dolayı Konfransa qatılanlar yol eləcə də hotel xərclərini qatılımcılar özləri ödəyəcəkdir.

Sayğılarımızla
Güney Azərbaycan Qadın Konfransı komitəsi

gunaz.qadin@hotmail.com

Müsahibimiz ANS-in xarici və regional xəbərlər departamentinin rəisi Sevinc Osmanqızıdır.

Vaxtilə BBC radiosunda çalışan beynəlxalq səviyyəli jurnalist indi də ANS-in əməkdaşı olaraq dünyanın xəbər liderlərindən olan CNN telekanalı üçün Azərbaycan haqqında reportajlar hazırlayır. 24 yaşında Azərbaycan Xarici İşlər Nazirliyində 3-cü katib işlədikdən sonra 6 il Britaniyada jurnalist fəaliyyəti göstərib. Azərbaycana qayıtdıqdan sonra 8 il ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb. Belə mötəbər qurumlardan sonra ANS-ə gəlişini həyatı boyu özü üçün atdığı nadir addımlardan biri hesab edir. ANS-ə yolunun uzun olduğunu deyir, hətta BBC-də işləyəndə ürəyinin ANS-lə vurduğunu etiraf edir. Elə ANS-in özü kimi vətənpərvərdir, müstəqildir. Bütün bunlarla yanaşı özünü tipik Azərbaycan qadını hiss edir. Daxilən içindəki mühafizəkar Sevinclə dünyəvi düşüncələrə sahib Sevinc Osmanqızının mübarizə apardığını deyir. Bir xanım olaraq bu mübarizədən adətən mühafizəkar Sevinc qalib çıxır.

Azərbaycan-ABŞ Jurnalistika Akademiyasının direktorudur. WMW – Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədridir.

-Dünyanın xəbər liderlərindən olan CNN telekanalından bütün dünyaya Azərbaycanı tanıdırsız. Bəs hansı həqiqətimizi dünyaya çatdırmaq istəməzdiniz?
… (red.Susur, deyəsən suala cavab vermək istəmir.)
Bilirəm, mənfi tərəflərimizi səsləndirmək istəmirsiniz. Amma bu sualı sizə verməyə bilməzdim.

-Çox yaxşı sualdır. Səmimi ola bilməyəcəyim məsələlərə baş vurmuram. Bu, doğrudan da, bir dilemmadır. Bir tərəfdən vətənpərvər vətəndaş olmaq, digər tərəfdən də peşəkar jurnalist kimi olanı demək.. Mən pafoslu sözlər xoşlamıram, amma əgər öz işimlə Azərbaycana az da olsa, dost qazandıra bilirəmsə, bunu özümə şərəf bilirəm. Mənə Amerikadan, Avropadan tanıdığım adamlardan məktublar gəlir, yazırlar ki, təsadüfən sənin materialını izlədik. Hətta bir amerikalı yazır ki, bilirsənmi sənin elədiklərin sizin ölkəyə-Azərbaycana nə qədər dost qazandırır? Mənim üçün ən böyük mükafat elə budur. Bilirəm ki, Azərbaycanda əksəriyyət CNN, BBC-ni tanımır. Çalışıram ki, göstərdiklərimiz haradasa kiminsə qəlbinin zəngini çalsın, müsbət assosiasiya yaratsın. Əslində hər şey siyasətdir və heç nəyi siyasət saymamaq olar. Mənim atamın (red. jurnalist-publisist Osman Mirzəyev) bir sözü vardı, “Nə olursa-olsun, jurnalist öz simasını qoruyub saxlamalıdır”. Mən də elədiklərimi öz vicdanımın süzgəcindən keçirib edirəm.

-Azərbaycandan mövzuları siz təklif edirsiniz, yoxsa sizə təklif edirlər?
-Bu, ikitərəfli yoldur. Məsələn, BBC-də Zeynalabdin Tağıyevdən veriliş getdi. Məndən qeyri-adi insan taleləri istənilmişdi. Başmaqçı ailəsində dünyaya gələn, həyatını yenə də yoxsul kimi başa vuran milyonçu Tağıyevin tarixçəsi dərhal bəyənildi. Bu cür adamları tanıtmaq lazımdır.

-Çingiz Mustafayevdən hazırladığınız veriliş erməni diasporunun güclü müqavimətinə rast gəldi.
-Mən bunu gözləyirdim. CNN rəhbərliyinə 70 000-ə yaxın etiraz məktubu göndərildi. Hər yerə müraciət edirdilər ki, veriliş efirə verilməsin. Lakin bunun heç bir nəticəsi olmadı. Veriliş jurnalistika standartlarına cavab verirdi. Mən sevinirəm ki, tale mənə bu cəsarətli insan haqqında CNN auditoriyasından danışmağı qismət etdi. Bu, mənim ən sevdiyim reportajlardandır.

-Azərbaycan-ABŞ Jurnalistika Akademiyasında jurnalistikadan dərs deyirsiniz. Əslində tam demokratiya heç bir yerdə yoxdur. Sizcə, söz azadlığı bizdə hansı səviyyədədir?
-Məncə, mətbuat azadlığı, azad sözə hörmət ümumi mədəniyyətin ayrılmaz parçasıdır. Əlbəttə ki, söz azadlığı anlayışı bölgədən-bölgəyə fərqlənir. Biz bir-birimizə qarşı nə dərəcədə dözümlüyüksə, azad fikrə də o qədər tolerantıq. Məsələn, Britaniya XII əsrdən bəri demokratiya ənənəsi olan ölkədir. Bu onlar üçün çoxdan keçilmiş mərhələdir. Biz hələ bu il müstəqilliyimizin 20 illiyini qeyd edəcəyik. 20 il tarixdə heç nədir. 900 illik tolerantlıq ənənəsi olan Britaniya və 20 illiyini qeyd edən Azərbaycan. Əlbəttə, BBC-də mən o fərqləri görəcəm, əlbəttə ki, şok yaşayacam. Bu, siyasi azadlıq şoku deyil, demokratiya ənənəsi, mədəniyyət şokudur.

-Çox gənc yaşlarından Xarici İşlər Nazirliyində, İngiltərənin BBC radiosunda, ABŞ-ın Azərbaycandakı səfirliyi kimi mötəbər qurumlarda çalışmısınız. Sizi ANS-ə nə gətirdi?
-ANS-ə yolum əslində uzun olub. ANS mənim üçün tunelin ucunda bir işıq olub. Mənim üçün ANS-in varlığı vətənpərvərlik məsələsidir. Baxın, ANS bütün post-Sovet məkanında ilk özəl televiziyadır. İş elə gətirib ki, ANS-ə efir lisenziyasını imzalayan mənim atam, Osman Mirzəyev olub. Mən bununla iki qat qürur duyuram.

Odur ki, məmin ürəyimdə ANS-in həmişə xüsusi yeri olub. Mən BBC-də işləyəndə də partnyorumuz ANS idi və bu da təsadüfi deyildi. Mən ANS-dən uzaq olanda da onu özümə yaxın bilmişəm, ilk növbədə paylaşdığımız ümumi dəyərlərə görə. Bütün bunlara baxmayaraq, Amerika səfirliyindəki vəzifəmi buraxıb, mən orada mətbuat şöbəsinin rəhbəri işləyirdim, ANS-ə gəlməyim məndən xüsusi bir cəsarət tələb edirdi. Bir nəfər də tapmadım mənə desin ki, sən ağıllı hərəkət edirsən. Hamı deyirdi ki, adam bu cür işi atıb getməz. Mənim səfirlikdən ayrılmağım 6 həftə sürdü.

-Peşman deyilsiniz?
-Bu mənim ürəkdən istədiyim bir addım idi. ANS-ə, televiziyaya gəlməyim mənim həyatda eqoistcəsinə özüm üçü etdiyim nadir işlərdən biridir. Düşündüm ki, həyat, doğrudan da, çox qısadır və mən başqalarının rəyi ilə oturub-durmamalıyam. Hesab edirəm ki, mənim ictimai xeyirlilik əmsalım ANS-də daha yüksəkdir. Bütün maddi əskikliklərə baxmayaraq, mən burada Azərbaycana daha çox xeyir verə bilirəm. (gülür və əlavə edir red.) Amma bəzən maaşım üçün darıxıram…

-Tipik Azərbaycan qadınını necə xarakterizə edərdiniz?
-Sözün düzü məndən Azərbaycan qadınını xarakterizə istəyəndə bunu eləmək istəmirəm. Mənim Azərbaycan qadınlarına ürəyim yanır. Avropalı, amerikalı qadını təsəvvür etdikdə öz hüquqlarını, qədrini bilən, mübariz, həyatdan zövq almağı bacaran bir qadın görürəm. Tipik Azərbaycan qadını deyəndə fədakar, cəfakeş, özünü, karyerasını ailəsinə, həyat yoldaşına qurban verən çox savadlı, ziyalı bir qadın düşünürəm. Ona görə də bu gün hökumətdə bir nəfər də olsun qadın nazir yoxdur…

-Siz də iki oğul anasısınız, özünüz tipik Azərbaycan qadınından nə ilə fərqlənirsiz?
-Qətiyyən heç nə ilə fərqlənmirəm. Mən bəzən öz düşüncə tərzimə, öz sözlərimə kənardan qulaq asanda dəhşətə gəlirəm ki, doğrudanmı mən belə düşünürəm? Əslində mən daxilən, təhtəlşüurumda çox mühafizəkaram. İçimdə daima əkizlərin davası gedir. Ola bilsin bu mənim bürcümdən irəli gəlir. Mən həm əkizlər, həm də xərçəngəm. Dəhşətli dərəcədə mühafizəkaram. Özüm də buna təəssüflənirəm. Kaş ki belə olmayaydım. Amma başqa cür olmaq üçün yenidən doğulmalıyam.

-Cəmiyyətimizdə çatışmayan nədir?
-Mən istəyərdim ki, bizim cəmiyyətdə Allaha inam olsun. Allahlı cəmiyyətdə inkişaf da olur. Bəzən özümü müsəlman ölkəsində yox, cəngəllikdə hiss edirəm. Digər tərəfdən, biz hələ də “kimsən?” cəmiyyətində yaşayırıq, adamlara özləri və işlərinə görə deyil, mənim üçün kim olmasına görə qiymət veririk. Diqqət yetirin, Qərbdə tanış olanda qarşısındakından nə işlə məşğul olması ilə maraqlanırlar. “Mən jurnalistəm, radioda işləyirəm”, və s…Bizdə isə nişan verirlər ki, kimlərə qohumluğu çatır, kimlərdəndirlər…

-Xilas yolu nədədir?
-Böyük həmişə uzaqdan görünür. Xalçaya yaxından baxanda onun ayrı-ayrı ilmələrini görürsən. Uzaqdan baxdıqda isə möhtəşəm bir sənət əsərinin şahidi olursan. Mən indi sizin birinci sualınıza qayıtmaq istəyirəm, Azərbaycandan nələri demək istəməzdim? Çox şeyi! Amma eyni zamanda bizim o qədər yaxşı tərəfimiz, göstərməli, deməli sözlərimiz var ki. Qoy pisimizi başqaları desin. Onsuz da deyirlər, heç olmayanı da boynumuza qoyurlar.

-Ən zəif nöqtəniz?Özünüzə görə ən böyük çatışmayan cəhətiniz?
-Zəif cəhətlərim çoxdur. Hər şeyi ürəyimə yaxın buraxıram. O cümlədən biznesi, işgüzar əlaqələri də. Çalışıram boş verməyi bacarım. (gülür .red) Çoxdur, hansını deyim.

-İnsanlarda hər şeydən öncə nəyə diqqət yetirirsiz?
-Danışığa. Deyirlər, qadınlar qulaqları ilə sevir, mənim üçün doğrudan da belədir. Mənə görə insanın nitqi onun haqqında bütün məlumatları verir. Ən çox da başqaları haqqında danışanda ilk növbədə özümüzdən danışmış oluruq. Bizim üçün müqəddəs nədir, dəyərlərimiz, niyyətimiz və s.

-Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədrisiniz. Birliyi yaratmaqda məqsədiniz nə idi?
-Yarandığı gündən bu birliyin məqsədi jurnalist qadınlarımıza bir inam aşılamaqdır ki, qadın jurnalist olaraq biz çox böyük silaha sahibik. Biz səsi olmayanların səsiyik. Biz bizə ehtiyacı olanların səsini eşitdirməliyik.

-Kitab yazmaq ehtiyacı duyursuzmu? Sualı ona görə verirəm ki, zəngin müşahidə qabiliyyətiniz və təxəyyülünüz var. Belə insanlar öz hisslərini kağıza köçürmək ehtiyacı duyurlar.
-Nə vaxtsa yazacam. Amma bunun üçün mənəvi haqqı qazanmaq, Azərbaycan üçün xeyli xeyirli işlər görmək lazımdır. Mən belə hesab edirəm…